REGİONLAR
Sumqayıtda “nəqliyyat könüllüləri” qrupu yaradılıb
Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə “Nəqliyyat könüllüləri” qrupu yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də start verilən maarifləndirmə aksiyasına müxtəlif sahələri təmsil edən fəal gənclər qatılıblar.
Baş idarənin rəis əvəzi Elgün Hümbətov könüllülərlə görüşdə bildirib ki, məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərində əksini tapan məsələlərin həlli, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qaydalara riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaqla digər problemləri aradan qaldırmaqdır. O qeyd edib ki, şəhər ərazisində görülən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemi daha da təkmilləşib. Belə ki, Sumqayıtda sakinlərin gediş-gəlişini rahat təmin etmək üçün müasir tipli nəqliyyat vasitələri gətirilib və marşrut xətlərinə buraxılıb.
Digər çıxışlarda da qeyd olunub ki, maarifləndirmə işində iştirak edəcək könüllülər müvafiq qurumların nümayəndələrinin müşayiəti ilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi aparacaqlar.