REGİONLAR
Sumqayıtda növbəti “Yay Futbol Düşərgəsi” layihəsi start götürüb FOTO
Sumqayıt, 1 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi yekunlaşıb.
İlk mərhələnin son günündə bütün iştirakçılar mükafatlandırılıblar. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının üzvləri - sədr Abdulla Məmmədov, Telman Salahov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, “Kapital Bank” və “Paşa Həyat Sığorta” ASC-nin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə layihənin birinci mərhələsinin yekunu ilə əlaqədar olaraq, ilk mərhələnin iştirakçıları tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilib. Tədbir iştirakçılarına xüsusi hədiyyələr və diplomlar təqdim olunub.
Qeyd edək ki, ümumilikdə 48 məktəbdən 120-ə yaxın şagirdin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə keçirilir və bu müddət ərzində mindən çox məktəbli bu tədbirdə iştirak edib.