REGİONLAR
Sumqayıtda payız-qış mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyi məsələsi müzakirə olunub
Sumqayıt, 29 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Payız-qış mövsümünün başlanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə İdarənin xidməti ərazisində yanğın təhlükəsizliyinin təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyəti təşkilatlar tərəfindən onların həlli istiqamətləri, qurumlar arasında qarşılıqlı iş fəaliyyəti müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, müşavirədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq idarə və şöbələrinin nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının, Xızı Rayon İcra Hakimiyyəti və bələdiyyələrin rəhbər şəxsləri, FHN Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi iştirak ediblər.
Tədbirdə mövcud olan problemlərlə birgə mübarizə aparmağın vacibliyi, yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yerli icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanıb. Vurğulanıb ki, elektrik, qaz təchizatı və istehlak sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan pozuntuların qarşısının alınması istiqamətində təxirəsalınmaz qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prioritet məsələlərdəndir.
Həmçinin fövqəladə halların qarşısının alınmasında, eləcə də nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyəti diqqətə çatdırılıb.
Açıq dialoq formatında keçən tədbir zamanı səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilib və həyata keçirilmək üçün tövsiyə olunub.