CƏMİYYƏT
Sumqayıtda polis və Daxili Qoşunların şəxsi heyətindən ibarət mobil qruplar fəaliyyət göstərir VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir. İnfeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə paytaxtla yanaşı, Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlər daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospektlərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kompaniyasına qoşulmağa səsələyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kompaniyasına qoşulmaq tövsiyə olunur.
Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədilə polis və Daxili Qoşunların şəxsi heyətindən ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.