CƏMİYYƏT


Sumqayıtda qətl və bir neçə ağır cinayət törədən şəxs tutulub

Bakı, 27 fevral, AZƏRTAC

Sumqayıtda bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər Cinayət Məcəlləsinin 145.2-ci, 226.1-ci (köhnə redaksiyada), 221.3-cü, 228-ci, 229.1-ci, 120.1-ci 234.1-ci və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov həyata keçirilən uğurlu əməliyyat nəticəsində tutulub. Saxlanılan zaman onun üzərindən 10,480 qram heroin və 3,478 qram tiryək aşkarlanaraq götürülüb.

İstintaq zamanı, həmçinin müəyyən edilib ki, Eldar Cabbarov ötən ilin sentyabrında Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat məbləğində nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Sumqayıt Şəhər Polis İdarəsində Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən olunub. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədilə meyiti Abşeron rayonunun Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları meyitin yerini müəyyənləşdirərək ekshumasiya ediblər. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun ətrafının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in 102 - Zəng Mərkəzinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.