CƏMİYYƏT
Sumqayıtda sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və avtobuslarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı peyvənd olunmadan, yəni ikinci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Tədbirlər nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.
“Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları profilaktik tədbirləri mütəmadi həyata keçirəcək”, - deyə DİN-dən bildirilib.
Xatırladaq ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən ikinci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.