REGİONLAR
Sumqayıtda şəhid ailələri üzvlərinin və qazilərin problemlərinin həlli məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb
Sumqayıt, 9 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin və qazilərin məşğulluğuna, sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə şəhər icra hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
İcra hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər və şəhərin aidiyyəti qurumlarının əməkdaşları təmsil olunublar.
Mərkəzin üzvləri ilə Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər bir kəsin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları diqqət mərkəzindədir.
Diqqətə çatdırılıb ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrasını təmin edəcək, daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin reallaşdırılması istiqamətində fəaliyyət göstərəcək.