REGİONLAR
Sumqayıtda şəhid ailəsi ilə görüş keçirilib
Sumqayıt, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər 26 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə şəhid Abdulla Əhmədovun ailəsi ilə görüş keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf, məktəb direktorları, şəhidin valideynləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhid Abdulla Əhmədovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhid haqqında məlumat verilib. Qeyd edilib ki, Abdulla Əhmədov 2002-ci ilin martın 12-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Abdulla 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şiddətli döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Sonra Sumqayıt şəhər 26 saylı tam orta məktəbin şagirdləri bədii kompozisiya təqdim edib, Vətən, qəhrəmanlıq haqqında şeirlər oxuyublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.