REGİONLAR
Sumqayıtda şəhidlərin xatirəsi anılıb, yeni bulvar ərazisində 3000-dən çox ağac əkilib
Sumqayıt, 27 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbir şəhərin Şəhidlər Xiyabanı memorial kompleksində reallaşıb. Xiyabanda 510 şəhid uyuyur. Onlardan 112 nəfəri Vətən müharibəsi şəhididir.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Milli Məclisin deputatları, şəhər və hüquq-mühafizə orqanlarının rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini anıblar. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
44 günlük Zəfər savaşında qəhrəmancasına həlak olan şəhidlərin fotolarından ibarət stend nümayiş etdirilib. Şəhər rəhbərliyi və digər rəsmi şəxslər stendlərə baxış keçirib, şəhid ailələri ilə həmsöhbət olublar.
Sonda mərasim iştirakçıları, şəhid valideynləri şəhidlərin məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
Sentyabrın 27-də səhər saatlarında şəhərin yeni bulvar ərazisində 3000-dən çox ağac əkilib.