CƏMİYYƏT
Sumqayıtda supermarketlərdə və apteklərdə maska və əlcəkdən istifadə etməyənlərə qarşı reydlər keçirilib VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq məqsədilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib. Supermarketlərdə maska və əlcəksiz işləyən kassirlər aşkar olunduğu təqdirdə isə həmin obyekt sahibi ciddi cəzalandırılıb.
Tədbirlər zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyən, tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.
Reydlər zamanı market və aptek sahiblərinə, eləcə də alıcılara sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi izah olunub. Bildirilib ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir. Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.