REGİONLAR
Sumqayıtda təmirsiz olan bütün tibb ocaqları müasir səviyyədə yenidən qurulacaq
Sumqayıt, 24 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda daha bir tibb müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib. 1976-cı ildən fəaliyyət göstərən 2 nömrəli uşaq poliklinikası artıq tam yenilənmiş vəziyyətdə şəhərin balaca sakinlərinə tibbi xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, şəhərin 45-ci məhəlləsində yerləşən tibb ocağında 135 həkim və tibb işçisi çalışır. Əsaslı təmir çərçivəsində aparılan işlərin nəticəsi kimi, poliklinikanın həkim kabinetləri, manipulyasiya və köməkçi otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aprelin 24-də poliklinikada yaradılan şərait və görülən işlərlə tanış olub.
Daha sonra poliklinikanın kollektivi ilə görüşən Zakir Fərəcov bildirib ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası və əsaslı təmiri Azərbaycan dövlətinin vətəndaşların sağlamlığına verdiyi önəmin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər ölkəmizdə tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır. O, son illərdə şəhərin əksər tibb müəssisələrinin əsaslı təmir olunduğunu deyərək, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün bundan sonra da işlərin davam edəcəyini və Sumqayıtda təmirsiz olan bütün tibb ocaqlarının ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.