CƏMİYYƏT


Sumqayıtda törətdiyi qayda pozuntusuna haqq qazandırmaq üçün yalan danışan sərxoş sürücü həbs edilib VİDEO

Sumqayıtda törətdiyi qayda pozuntusuna haqq qazandırmaq üçün yalan danışan sərxoş sürücü həbs edilib VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb.

Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu məlum olub.

Təyin edilən ekspertizaların nəticəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə yol polislərinin “saxla” əmrinə tabe olmadığı müəyyən edilib.

Qeyd edək ki, Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib. Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib. Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilas edilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb.

Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsləndirdiyi iddiaları özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib.

Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.