REGİONLAR
Sumqayıtda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Sumqayıt şəhərində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Sonra iştirakçılar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib.
Həmçinin şəhər icra hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da şəhərdə ağacəkmə aksiyası keçirilib, park və xiyabanlarda ağac və güllər əkilib.