REGİONLAR
Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinə yekun vurulub
Sumqayıt, 25 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın 70 illiyinə həsr olunan tədbirlər çərçivəsində ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib. Müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “28 May” mədəniyyət evində keçirilən müsabiqəyə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər”, Bülbül adına uşaq incəsənət məktəbinin “Ümid”, S.Rüstəmov adına uşaq incəsənət məktəbinin “Gənc şahinlər”, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri və “Alleqro” rəqs qrupu qatılıblar.
Azərbaycan və dünya xalqlarının rəqslərini məharətlə ifa edən rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xoreoqraflar Məmməd Mehdiyev, Məcid Quliyev, İbad Feyzullayevdən ibarət münsiflər heyətinin qərarına əsasən C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs qrupu I yerə, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs qrupu II yerə, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivi III yerə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.