REGİONLAR
Sumqayıtda uşaq mütaliəsi festivalı keçirilir
Sumqayıt, 23 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və qalereyanın birgə təşkilatçılığı ilə “Bu günün oxucuları – sabahın qurucuları” devizi altında uşaq mütaliəsi festivalı keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd mütaliənin daha geniş, daha əhatəli təbliğinə şərait yaratmaq, bu şərəfli missiyanın müxtəlif ünvanlarda həyata keçirilməsinə, kiçik yaşlılar və yeniyetmələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsinə, kitaba, mütaliəyə istiqamətləndirilməsinə, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, tədbirə ev sahibliyi edən Sumqayıt Mərkəzi Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı Hafiz İmamnəzərli, şair Rafiq Yusifoğlu festivalın əhəmiyyətindən, kitabın və mütaliənin insanın həyatında rolundan danışıblar.
Sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının ifasında fləşmob göstərilib, Mir Cəlal Paşayevin “Yalan yeriməz” hekayəsi əsasında hazırlanan səhnə nümayiş olunub. Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında şeirlər dinlənilib, “Tıq-tıq xanım” nağılı əsasında hazırlanmış səhnəcik, həmçinin Nizami Gəncəvi adına Kitabxana Klubunun rəsm dərnəyi şagirdlərinin rəsmlərindən ibarət sərgisi nümayiş olunub.
Sumqayıt MKS-in fəaliyyətini əks etdirən videoçarx maraqla izlənilib.
C.Cabbarlı adına Mədəniyyət Evinin solistlərinin ifasında şən mahnılar, “Turan” rəqs qrupunun üzvlərinin rəqs nömrələri tədbirə xoş ovqat qatıb.
Festival 3 gün davam edəcək.