CƏMİYYƏT


Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkünlər qəzalı vəziyyətə düşmüş binalarda uzun illərdir qarşılaşdıqları çətinliklər barədə danışıb, qayğı və problemlərindən söz açıblar.

Dövlət Komitəsinin sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.

Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə layihələrin icrasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da böyük diqqət göstərir. Hazırda Bakıda və Sumqayıtda qəzalı binalarda, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verilmiş tapşırığın yerinə yetirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının tapşırığı əsasında Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində də məcburi köçkünlər üçün yeni yaşayış binaları inşa edilir və onların tikintisi başa çatmaq üzrədir. Sumqayıtda və şəhərin ətrafında müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin həmin binalardakı mənzillərə köçürülməsi nəzərdə tutulub.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.