CƏMİYYƏT
Sumqayıtda yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü saxlanılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşov müəyyən edilməmiş avtomobillə vurulub. Piyada aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü polis bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb.
Faktla bağlı araşdırma aparılır.