CƏMİYYƏT


Sumqayıtda yol polisi əməkdaşları qadının çantasını soyğunçuluq yolu ilə alan şəxsi saxlayıblar VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Sumqayıt şəhəri ərazisində baş verib.

Avqustun 16-da Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. Bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib. Ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları baş serjantlar Sahib Əkbərov və İsa Hüseynov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alaraq qaçan şəxsi təqib etməyə başlayıblar. Polis əməkdaşlarının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) təhvil verilib.

Araşdırma zamanı cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini Nizami Ağəliyev olduğu məlum olub və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.