REGİONLAR
Sumqayıtdakı Nizami kinoteatrı yenidən qurulacaq
Sumqayıt, 6 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən Nizami kinoteatrındakı vəziyyətlə tanış olarkən deyib.
Məlumat verilib ki, Nizami kinoteatrı keçən əsrin 60-cı illərində tikilib. Vaxtilə şəhər sakinlərinin ən çox üz tutduğu mədəniyyət ocaqlarından biri olub. İkimərtəbəli, 600 nəfərlik tamaşa zalı olan kinoteatrda bu günə kimi heç bir təmir aparılmayıb, avadınlıqlar, oturacaqlar yararsız vəziyyətə düşüb.
Z.Fərəcov kinoteatrın yaxın zamanda yenidən qurulacağını bildirib. O, qısa müddətdə müasir tələblərə cavab verən kinoteatrın istifadəyə veriləcəyini və gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əlverişli şərait yaradılacağını diqqətə çatdırıb.
Sonra icra hakimiyyətinin başçısı şəhər sakinləri ilə görüşüb. Sakinlər Sumqayıtda aparılan genişmiqyaslı işlərə, kinoteatrın qarşısındakı parkın qısa müddətdə abadlaşdırılmasına görə razılıqlarını bildiriblər.