CƏMİYYƏT


Sumqayıtdan Bakıya xırdatutumlu mikroavtobuslarda sərnişin daşıyan sürücülərin karantin qaydalarına əməl etmədikləri aşkarlanıb VİDEO

Bakı, 10 sentyabr, AZƏRTAC

Polis əməkdaşları qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbir sentyabrın 10-da Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbir görülüb.

Tədbir zamanı, həmçinin Sumqayıtdan Bakıya xırdatutumlu mikroavtobuslar vasitəsi ilə sərnişindaşıma ilə məşğul olan sürücülər də tibbi maskadan istifadə etmədikləri üçün saxlanılıblar. Araşdırma zamanı həmin sürücülərin ümumiyyətlə sərnişindaşıma üçün müvafiq sənədlərinin olmadığı müəyyənləşdirilib. Bu sürücülər barəsində qanuni tədbir görülməsi üçün onların sənədləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına təqdim edilib.

Tədbir zamanı Sumqayıt şəhərində qapalı məkanlar, iri ticarət mərkəzləri və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Aparılan yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigiyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı aşkarlanıb. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb.

Qeyd edək ki, Sumqayıt şəhərində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.