REGİONLAR
Sumqayıtdan “VAZ dairəsi” istiqamətində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin aparılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bununla əlaqədar, Sumqayıtdan “VAZ dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılacaq.
Sürücülərə təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq isə sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər.