REGİONLAR
Sumqayıtdan seçilən deputatlar “ASAN xidmət” mərkəzinin könüllülərinin qonağı olublar
Sumqayıt, 24 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Milli Məclisin deputatları Hicran Hüseynova və Emin Hacıyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında Sumqayıt Regional "ASAN xidmət" mərkəzinin könüllüləri ilə görüşüblər. Görüşdə "Gənclərin və könüllülük fəaliyyətinin dövlət və ictimai işlərdə rolu" mövzusunda diskussiya aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbir ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova və deputat Emin Hacıyev mövzu ilə bağlı çıxışlar edib, fikirlərini gənclərlə bölüşərək, geniş müzakirələr aparıblar.
Deputatlar dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından söz açaraq, son illər həyata keçirilən siyasətdə gənclərə önəm verilməsi, onların irəliyə çəkilməsini məhz bu amilin göstəricisi kimi dəyərləndiriblər.
Bildirilib ki, istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə düşmən yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də böyük təxribatlara əl atmışdı. Prezident İlham Əliyevin xarici mətbuata müsahibələrindən və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarından sonra Azərbaycan informasiya müharibəsində də əsaslı dönüş yarada bildi.
Azərbaycan gənclərinin ön cəbhədə əsgər kimi, arxa cəbhədə informasiya müharibəsinin döyüşçüsü kimi Ermənistanın təxribatlarının, yalan kampaniyalarının qarşısının alınmasında fəal iştirakından söz açan deputatlar gəncləri sosial şəbəkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda daha fəal olmağa çağırdılar.
Maraqlı diskussiya zamanı gənclər geniş müzakirəyə qoşulub, suallar cavablandırılıb.