REGİONLAR
Sumqayıtın Asfalt zavodu ərazisində 30-dan artıq sakinin enerji təchizatı dayandırılıb
Bakı, 23 may, AZƏRTAC
Sumqayıt şəhəri Asfalt zavod ərazisində (147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin arxasında) yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakininin enerji təchizatı “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq dayandırılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, illərdir həmin ərazidə məskunlaşmış sakinlər 147 nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq elektrik xətləri çəkərək, elektrik enerjisi təchizatı İdarəsində qeydiyyata düşməyiblər. Eyni zamanda, bu günə qədər istehlak olunmuş enerji sərfinin dəyərini ödəməyiblər. “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlığına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər.
“Azərişıq” ASC uzun müddətdir ki, bölgələrdə yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır, yeni güc mərkəzləri yaradılır, 0,4 kilovoltluq paylayıcı şəbəkələr yenidən qurulur.
Bildirilir ki, qüvvədə olan qanuna əsasən fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri tərəfindən təmin olunur. Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC tərəfindən təmin olunur.