REGİONLAR
Sumqayıtın Tarixi Muzeyində məktəblilər üçün 20 Yanvar faciəsinə həsr edilən dərs keçirilib
Sumqayıt, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan Sumqayıt şəhər 28 saylı tam orta məktəbin müəllimi Minarə Ağalarova 2-ci sinif şagirdləri üçün Sumqayıt şəhərinin Tarixi Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilən dərs keçib.
AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə muzeyin “Şəhidlər qalereyası” zalında “44 günlük Zəfər yolu” sərgisi ilə tanış olub, vətənpərvərlik mövzusunda hazırladıqları bədii kompozisiyanı təqdim ediblər.
Sonra tədbir mühazirə zalında davam etdirilib. Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bildirilib ki, 20 Yanvar tarixi həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür.
Dərsdə “20 Yanvar istiqlal tariximizin zirvəsidir” adlı mühazirə söylənilib, həmin gecə baş verən faciə qurbanlarının muzeyin fondunda mühafizə olunan fotoşəkilləri, Yanvar faciəsinin iştirakçısı, sumqayıtlı rəssam Nizami Dadaşovun rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Daha sonra tələbələrin də iştirakı ilə “20 Yanvar - əsarətin son gecəsi” adlı sənədli film nümayiş etdirilib.
Muzeyin direktoru Aygün Zülfüqarlı çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbə sayəsində indi bütün dünyada qalib xalq olaraq qürurla tanındığımızı vurğulayıb. Bildirib ki, çağdaş Azərbaycan tarixinin böyüyən nəslə çatdırılması və təbliğatı istiqamətində daimi iş aparılır. Bu işdə muzeylə əməkdaşlıq etdiyinə görə məktəbin kollektivinə minnətdarlıq ifadə olunub.
Məktəblilər hazırladıqları divar kağızını Sumqayıtın Tarixi Muzeyinə hədiyyə ediblər.