REGİONLAR
Sumqayıtın küçələri ağıllı işıqlandırma sistemi ilə təchiz olunur
Sumqayıt, 7 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt pilot layihə çərçivəsində ağıllı işıqlandırma sistemi ilə təchiz olunacaq. Bu məqsədlə şəhərdə ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və dalanların fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılmasına başlanılıb.
Sumqayıt Küçə İşıqları İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihə Prezident İlham Əliyevin Sərəncamı əsasında reallaşır. Layihə üzrə işlər, ümumilikdə, 70 küçə və dalanı əhatə edəcək. Sistem bir mərkəzdən idarə olunacaq. Led lampalardan ibarət işıqlandırma sistemi mövcud imkanlara nisbətdə 70-80 faiz enerjiyə qənaət etməyə imkan verəcək.
Söküntü işləri tamamlanmaq üzrədir, təmir və bərpa işlərinin oktyabr ayında yekunlaşacağı nəzərdə tutulub. Hazırda Səməd Vurğun, İnşaatçılar, Metallurq, Sülh, Maksim Qorki küçələrində və “Stansiya Sumqayıt” yaşayış massivində bu istiqamətdə iş görülür.