REGİONLAR
Sumqayıtın yol-nəqliyyat infrastrukturu yenidən qurulur VİDEO
Sumqayıt, 14 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri nəticəsində respublikanın bütün regionlarında yeni yollar salınır, mövcud olanlar isə ən müasir səviyyədə yenidən qurulur. Son bir neçə ildə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr, ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən əsaslı tədbirlərdəndir. Şəhər icra hakimiyyətində hazırlanan xüsusi proqram çərçivəsində mikrorayon və məhəllədaxili yollar, eləcə də təmirə ehtiyacı olan prospekt və küçələr mərhələli şəkildə təmir olunur.
AZƏRTAC xəbər verir ki, bu gün Sumqayıt küçələrinin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir. Bakı, Mehmandarov, Qəhrəmanov, Bədəlbəyli küçələrində asfaltlanma işləri yekunlaşıb, 1, 5, 8 və 11-ci mikrorayonlarda, eləcə də 4 , 3 və 14-cü məhəllələrdə daxili yollarda asfaltlanma işləri aparılıb. Hazırda şəhərin Koroğlu prospektində və Nizami küçəsində asfalt döşəməsi vurulur. Uzunluğu 4 kilometr olan Koroğlu prospektinin yenidən qurulması nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradacaq. Ən başlıcası isə bu rahat yoldan Sumqayıt ərazisində yaşayan 500 minə yaxın sakin istifadə edəcək. Prospekt boyu səki daşları düzülür, yol kənarında yaşıllıq salınır, müasir ictimai nəqliyyat dayanacaqları quraşdırılır. Nizami küçəsinə yolboyu mərmər bardürlər düzülüb.
Digər mikrorayon və məhəllələrdə də ardıcıl şəkildə asfalt işləri mərhələli şəkildə aparılacaq.
Bütün bu görülən işlər Sumqayıtın hər bir sakininin ürəyincədir. Onlar ölkə rəhbərliyinə şəhərə və sumqayıtlılara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildirirlər.