REGİONLAR
Sumqayıtlı “ABAD”çı: Düzəltdiyim fiqurların dünyanın dörd tərəfinə aparılması çox qürurverici bir hissdir FOTO
Bakı, 7 avqust, AZƏRTAC
“ABAD”çı Təranə Muradova Sumqayıtda anadan olub. Təhsilini maliyyə sahəsi üzrə almağına baxmayaraq, uşaq vaxtından modelyerliyə, dizaynerliyə və ümumiyyətlə, incəsənətə böyük maraq göstərib. O, əvvəllər müxtəlif libaslar tikməyə çalışsa da, hər zaman qeyri-adi materiallardan suvenirlər hazırlamağı arzulayıb.
AZƏRTAC xəbər verir ki, Təranə Muradova bu gün öz zərif əlləri ilə balıq qulağından sənət əsərləri yaradır: “Artıq beş ildir ki, bu sənətlə məşğulam. Ətrafımdakı insanların əl işlərimə olan marağını görəndə mən daha da həvəslənirəm, ona görə də bu sənətlə peşəkarcasına məşğul olmaq istədim”.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs öz növbəsində T.Muradovanın istedadına dəstək verərək, onun arzularının reallaşması üçün kömək göstərir.
T.Muradova bu barədə danışarkən deyib: “ABAD” vasitəsi ilə əl işlərim daha geniş auditoriyaya çatdı. Satışlardan gələn gəlir aylıq ailə büdcəmə dəstək oldu. “ABAD”ın sayəsində daha çox yeniliklərə doğru addımlayıram. Düzəltdiyim fiqurlar dünyanın dörd tərəfinə yadigar kimi aparılır. Bu, çox qürurverici bir hissdir”.
“ABAD”la bağlı planlarından danışan sənətkar onu da vurğulayıb ki, yaxın zamanlarda yeni ideyalarını təqdim edəcək: “Ümid edirəm ki, yeni işlərim mənə daha da çox uğur gətirəcək”.