REGİONLAR
Sumqayıtlı balacaların Yeni il sevinci
Sumqayıt, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində fəaliyyət göstərən məktəbəqədər təlim-tərbiyə müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənlikləri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 45 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbirə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov da qatılıb. O, fidanları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, gələcəyimiz olan uşaqlara cansağlığı, xoşbəxt həyat və səadət arzulayıb. Uşaq bağçasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar diləyən Z.Fərəcov Azərbaycanda uşaqların sağlam və bilikli böyümələrinin, Vətənə layiqli övlad kimi formalaşmalarının, mükəmməl təhsil almalarının prioritet məsələlərdən olduğunu bildirib və bu sahənin daim dövlətin diqqətində olduğunu deyib. Vurğulanıb ki, Sumqayıt şəhərində də son illərdə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə xeyli iş görülüb, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılıb, istilik sistemi tam bərpa olunub, ərzaq təminatı ciddi nəzarətə götürülüb.
Uşaqlar hazırladıqları səhnəcikləri, mahnı, şeir və rəqsləri həvəslə təqdim ediblər. Sehrbazın çıxışı balacaların böyük marağına səbəb olub.
Tədbirin sonunda uşaqlara şəhər icra hakimiyyətinin Yeni il hədiyyələri təqdim edilib.