REGİONLAR


Sumqayıtlı gənclərin “Yay məktəbi” başlayıb

Sumqayıt, 16 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Quba rayonunda Sumqayıt gənclərinin “Yay məktəbi”nə start verilib. Layihə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, “Yay məktəbi”nin əsas məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması, onların ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

“Yay məktəbi”nin şəhərdəki N.Nərimanov adına Mədəniyyət evində keçirilən açılış mərasimində Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov, Qubadlı rayon gənclər və idman idarəsinin rəisi Natiq Abbasov çıxış edərək Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb, layihənin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Qeyd olunub ki, bu layihə gənclərin bilik və bacarıqlarının artırılmasına, təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

“Yay məktəbi”nin iştirakçıları layihənin həyata keçirilməsi üçün göstərilən dəstəyə görə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Yay məktəbi”nin ilk mərhələsində şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, 2017-2018-ci tədris ilində 700 bal toplayaraq ali məktəblərə daxil olan Əsra Bayramova, Cahan Haşimzadə, fənn olimpiadasının, müxtəlif yarış, müsabiqə və festivalların qalibləri, “Şahin” hərbi-idman oyunu üzrə respublika çempionu adına layiq görülmüş komandanın üzvləri də iştirak ediblər.

Quba rayonunda təşkil olunan “Yay məktəbi”nin iştirakçıları birinci mərhələdə ümummilli lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Həmçinin düşərgədə gənclər arasında intellektual, əyləncəli oyunlar, eləcə də təbiətlə tanışlıq turları təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.