MƏDƏNİYYƏT
Sumqayıtlı rəssamlar öz əsərlərini açıq səma altında yaratdılar
Bakı, 24 may, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu şəhərdə “Canlanır hər qarış çöl Sumqayıtda” adlı plener keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, plenerin keçirilməsində məqsəd Sumqayıtda son illər həyata keçirilən tikinti, abadlıq, quruculuq işlərinin gənc rəssamlar tərəfindən əks etdirilməsidir.
Sumqayıt şəhər Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına uşaq incəsənət məktəblərinin şagirdləri şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət Parkı, Bayraq Meydanı, Sumqayıt Dövlət Dram Teatrı, Heydər Əliyev Mərkəzi, Sumqayıt şəhər bulvarı və digər ərazilərin rəsmlərini tabloya köçürüblər.
Qeyd edək ki, plenerdə çəkilən əsərlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək “Art festival”da nümayiş olunacaq. Qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.