REGİONLAR
Sumqayıtlı və Qubadlılı məktəblilər yeni dərs ilini bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər VİDEO
Sumqayıt, 15 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
2016-2017-ci tədris ilində Sumqayıtda 47 ümumtəhsil müəssisəsində 5930 şagird I sinfə gedib, onlar 199 sinifdə komplektləşdirilib. Şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Bilik günündə Sumqayıt şəhərinin Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə xüsusi ab-hava, coşqu vardı. Sumqayıtın qocaman təhsil ocağı şəhər icra hakimiyyəti tərəfindən əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilib.
Bayram tədbirində şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin müəllim və şagird kollektivini, eləcə də Corat sakinlərini təbrik edərək bildirib ki, hər yerdə olduğu kimi, Sumqayıtda da Prezident İlham Əliyevin diqqəti sayəsində təhsil islahatı uğurla aparılır. Qeyd edilib ki, ölkəmizin sürətli iqtisadi inkişafı nəticəsində ümumtəhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi–texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi danılmaz həqiqətdir.
Məktəbin direktoru Təranə Haqverdiyeva bildirib ki, 1294 şagird yerlik 7 saylı tam orta məktəbin 118 yaşı var. Məktəbin ümumi sahəsi 18 min 873 kvadratmetrdir. Ötən ilin uğurlarından danışan direktor deyib ki, üçmərtəbəli təhsil müəssisəsi müasir standartlara cavab verir. O, təhsil ocağında yaradılan şəraitin şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Pedaqoji kollektivin nümayəndələri, valideynlər gənc nəslə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra məktəblilər bir-birindən maraqlı şerlər söyləyiblər.
Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, təhsil ocağında sinif otaqları ilə yanaşı kompyuter, kimya və fizika laboratoriyası, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi otaqları, tibb məntəqəsi, yeməkxana, kitabxana, 200 nəfərlik akt və idman zalları da təmir edilib və müasir avadanlıqla təchiz olunub.
Şəhər icra hakimiyyətinin rəhbərliyi Sumqayıtdakı 15 nömrəli tam orta məktəbdə və “İstedad” liseyində də olub, məktəblilərin bayram tədbirlərində iştirak edib.
X X X
Sumqayıtda fəaliyyət göstərən Qubadlı rayon Hafiz Quliyev adına Texniki Fənlər Təmayüllü Çaytumas məktəb-liseyində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müəllim və şagird heyətini yeni dərs ili münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfə verir. Vurğulanıb ki, ölkəmizdə təhsil islahatlarının sistemli şəkildə aparılması nəticəsində rayonda ali məktəblərə daxil olan məzunların sayı çoxalıb. 2015-2016-cı dərs ilində rayon üzrə 32 ümumtəhsil məktəbində 7949 nəfər, əvvəlki tədris ilinə nisbətən 351nəfər çox şagird təhsil alıb. Ali məktəblərə sənəd verən 361 məzundan 183-ü tələbə adını qazanıb. Onlardan 20 nəfəri 500-600 arası, 14-ü isə 600-dən çox bal toplayıb. Bu da ötən ilin göstəricisindən yüksəkdir.
Məktəb-liseyin müəllimləri və valideynlər təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonra məktəblilərin ifasında şerlər səslənib, rəqslər nümayiş olunub.