REGİONLAR
Sumqayıtlılar tanınmış sənətkarlarla daha sıx təmas qura biləcəklər
Sumqayıt, 19 oktyabr, AZƏRTAC
Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar Artist Azad Şükürovla görüş keçirilib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Rauf Ağakişiyevin aparıcılıq etdiyi tədbirdə müstəqilliyimizin bərpasından ötən 25 il ərzində qazanılmış uğurlardan geniş söz açılıb.
Tədbirdə Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov son bir ildə şəhərdə aparılan tikinti, abadlıq və quruculuq işləri barədə məlumat verərək deyib ki, Sumqayıtda yeni tikilən mədəniyyət ocaqları belə sənətkarlarımızın gəlişləri ilə daha da işıqlanır. O, inamla bildirib ki, bu səpkili tədbirlər daha çox olacaq və sumqayıtlılar tanınmış sənətkarlarımızla daha sıx təmas qura biləcəklər.
Tədbirdə Azad Şükürovun həyatı və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib.
Səhnəyə dəvət olunan sənətkar müəllim-tələbə münasibətlərindən, sənətə gəlişindən, yaratdığı obrazlardan danışıb, tamaşaçıların suallarını cavablandırıb.
Səmimi notlara köklənən görüşdə tamaşaçılar təkcə yaratdığı obrazlarla deyil, həm də bədii qiraət ustası kimi tanınan sənətkarın ifasında Zəlimxan Yaqubun “Azərbaycan oxusun”, Rəsul Rzanın “Unutmayın”, Bəxtiyar Vahabzadənin “Baş”, Ramiz Rövşənin “Qapı” şeirlərini maraqla dinləyiblər.
Tədbirə qatılan H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar Artist İlahə Səfərova çıxış edərək müəllimi haqqında xoş sözlərini bölüşüb.
Tədbirdə gənc müğənnilərin ifasında xalq və bəstəkar mahnıları dinlənilib.