REGİONLAR
Sumqayıtlıların Novruz sevinci VİDEO
Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük coşqu ilə qeyd edilir. Şəhər bu əziz bayramı səliqə-sahmanla və yüksək əhval-ruhiyyə ilə qarşılayır.
AZƏRTAC xəbər verir ki, martın 18-də Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında xalqımızın tarixi kökləri ilə bağlı olan Novruz bayramı münasibətilə ümumşəhər şənliyi keçirilib. Əvvəlcə “Dədə Qorqud" xeyir-dua verərək, xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət arzulayıb. Sonra bayram tonqalı yandırılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, müəssisə, idarə, təşkilat rəhbərləri sakinlərlə birgə zəngin Novruz adət-ənənələri aləminə səyahət ediblər. Parkın geniş ərazisində əsrlərdən əsrlərə adlayan qədim Novruz adətləri, ritualları və oyunları nümayış olunub. Bayram iştirakçıları zəngin Novruz xonçasından şəkərbura, paxlava, qoğal, şəkər çörəyi və digər şirniyyatlar və süfrələrimizin şahı sayılan plovdan dadıb, yumurta döyüşdürüblər. İdmançılar, kəndirbazlar, sirk ustaları öz məharətlərini nümayiş etdiriblər. Novruzun ənənəvi personajları - Kosa və Keçəl şənliyə toplaşanlara xoş anlar yaşadıblar.
Ümumşəhər şənliyi respublikanın incəsənət ustaları və şəhər özfəaliyyət kollektivlərinin konsert proqramı ilə davam edib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar şəhid ailələri üçün bayram süfrəsi açıb. Beş yüzə yaxın ailəyə bayram sovqatı paylanılıb.
Bir neçə gündür ki, şəhərin bütün park və bağlarında kütləvi gəzintilər gecə saatlarına qədər davam edir. İlaxır çərşənbədə Heydər Əliyev parkında Novruz münasibətilə atəşfəşanlıq olub.