DÜNYA
“Super Yosakoy” festivalı öz çılğın rəqsləri ilə tamaşaçıları heyran etmişdir VİDEO
Tokio, 25 avqust (AZƏRTAC). Avqustun 24-25-də Yaponiya paytaxtının mədəniyyət mərkəzlərindən biri kimi tanınan Haracukuda təşkil edilmiş “Super Yosakoy” festivalı öz çılğın rəqsləri ilə Tokio sakinlərini və şəhərin qonaqlarını heyran etmişdir.
Cari ildə on ikinci dəfə keçirilən festivalda Yaponiyanın müxtəlif prefekturalarından gəlmiş 100-ə yaxın rəqs kollektivi iki gün ərzində Haracukunun mərkəzi küçəsi boyunca, Meyci və Yoyoqi parklarında quraşdırılmış üç səhnədə öz bacarıqlarını nümayiş etdirmişlər.
Vətəni Yaponiya olan “Yosakoy” strit-rəqsin nadir növlərindən biri sayılır. “Yosakoy” 1954-cü ildə Koçi şəhərində yaranmış və çox sürətlə bütün Yaponiyaya yayılmışdır. Çılğın hərəkətlələ zəngin olan bu rəqs özündə ənənəvi “Yosakoy” musiqisinin elementləri ilə yanaşı, Rok-n-roll, Samba və Enka kimi diskoteka musiqisini birləşdirən milli yapon xoreoqrafiyasını əks etdirir. “Super Yosakoy” rəqsinə peşəkar rəqqaslarla yanaşı, bütün yaş qrupundan olan insanlar - məktəblilər və pensiyaçılar da böyük məmnuniyyətlə qoşulurlar və bu rəqs, demək olar, bütün bayramlarda ifa olunur.
“Yosakoy” yapon dilində “Gecə gəlmək” mənasını verir. Rəqsi ifa edən kollektivlərin geyimi əsasən milli happi və yukatadan ibarət olsa da, öz rəngarəngliyi ilə seçilir. Özündə 150-dək rəqqası birləşdirən rəqs kollektivi bəzən milli geyimlərə müasir elementlər də əlavə edir. Bu rəqsi digərlərindən fərqləndirən bir cəhət də ifa zamanı istifadə edilən taxta toxmaqlar - narukolardır. Vaxtilə Koçi prefekturasında bu toxmaqlardan düyü zəmilərində quşları qovmaq üçün istifadə olunurdu. Bundan əlavə rəqsin maraqlı alınması üçün bəzi qruplar müxtəlif vasitələrdən – barabanlardan, zərb alətlərindən, bayraqlardan da istifadə edirlər.
Yaponiyanın müxtəlif regionlarından gəlmiş beş minədək rəqqasın ifa etdiyi çılğın və hərarətli rəqslər festivala qatılan bütün tamaşaçılarda bayram əhval-ruhiyyəsi yaradır. Festivalın keçirildiyi yerlərdə milli yeməklər və sərin içkilər satılır. Bu möhtəşəm bayramın yaratdığı xoş təəssürat Yaponiya paytaxtının sakinlərinin və çoxsaylı turistlərin yaddaşına əbədi həkk olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio