REGİONLAR
Suqovuşan qəsəbəsinə həyat yenidən qayıdır VİDEO
Suqovuşan, 24 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Suqovuşan qəsəbəsinə də həyat yenidən qayıdır. İşğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verilib. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanılıb. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında, eləcə də Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarında təmir-bərpa işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Suqovuşan qəsəbəsində bərpa-quruculuq işləri bu gün də geniş vüsətlə davam edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 20-də Suqovuşana səfəri zamanı fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olması, 144 şagird yerlik tam orta məktəbdəki vəziyyətlə maraqlanması, turizm kompleksinin və yeni tikiləcək məscidin təməlini qoyması, eləcə də “N” saylı hərbi hissəsinin açılışı, 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı, avarçəkmə təlim-məşq toplantısının keçirilməsi qəsəbənin inkişafının dövlətimizin diqqət mərkəzində olduğunu göstərir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində qismən yararsız vəziyyətə düşən evlərdən biri əsaslı təmir olunub. Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir. Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil edir. Fasadın əsas hissəsi dekorativ təbii daşla üzlənib ki, bu da evin və yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın qalan hissəsində isə suyadavamlı boya materialından istifadə olunub. Evin damı metal kirəmitlə örtülüb, terrasa keramika döşənib, tavanı isə taxta materialdan hazırlanıb. Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib. Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola asfalt örtüyü döşənib.
Suqovuşan qəsəbəsində 144 şagird yerlik tam orta məktəbinin binası da təmir olunacaq. Məktəbin ərazisi 1 hektardır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir.
Dövlətimizin başçısının səfəri zamanı təməli qoyulan məscid binası 0,6 hektar ərazidə inşa olunacaq. Məscid kompleksinə, həmçinin köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir.
Bəli, Prezident İlham Əliyevin erməni tapdağından azad edilmiş ərazilərimizə hər səfəri o bölgələrdəki bərpa və quruculuq işlərinin daha geniş vüsət almasına səbəb olur. İnanırıq ki, yaxın gələcəkdə şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş şəhər və kəndlərimizin hər biri, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi dövlətimizin iradəsi və xalqımızın əzmi ilə dünyanın diqqətini cəlb edəcək ən müasir və abad yaşayış məskənlərinə çevriləcək.