REGİONLAR
Suqovuşan tezliklə turizm məkanına çevriləcək FOTO VİDEO
Suqovuşan, 22 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyev Qarabağın turizm potensialından danışarkən deyib: “Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.
Qarabağın turizm potensialı ilə seçilən guşələrindən biri də Tərtər rayonunun Suqovuşan qəsəbəsidir. Qəsəbənin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri və su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Artıq Suqovuşanda turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq ilkin işlərə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 20-də Suqovuşana səfəri zamanı Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.
Ərazi minalardan təmizlənəcək, dağıdılmış tikililərin qalıqları yığışdırılacaq, daha sonra abadlıq işlərinə başlanacaq və əraziyə uyğun bitkilər əkiləcək. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.
Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Turizm İnkişaf Konsepsiyasına əsasən su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması planlaşdırılır. İlkin olaraq 5 hektar ərazidə istirahət parkı, onun içərisində piyadaların gəzintisi üçün ərazilər, Turizm İnformasiya Mərkəzi, qayıqla gəzinti üçün platformalar yaradılacaq. Bundan əlavə, su anbarının ətrafında ictimai iaşə obyektlərinin, qonaqlama müəssisələrinin yaradılması üçün zonalar ayrılacaq. Suqovuşanın girişində olan körpünün ətrafında Tərtərçayın boyunca istirahət düşərgəsinin yaradılması planlaşdırılır.
Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Ərazinin dağ iqlimi, gözəl təbiət mənzərələri, su anbarı kimi amillər, eləcə də Tərtərdən və Naftalandan qəsəbəyə gedən avtomobil yollarının yenidən qurulması, Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Əminik ki, füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi, o cümlədən Suqovuşan qəsəbəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.