Suqovuşandan gələn su anbarlara toplanır VİDEO
AzerTAg.az
Bərdə, 28 yanvar, AZƏRTAC
Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində suvarmanın mütəşəkkil aparılması, suvarma suyunun su istifadəçilərinə itkisiz çatdırılması istiqamətində son illər xeyli iş görülüb. Rayon ərazisində yerləşən və suvarmada önəmli yerə malik olan Zümrüxan su anbarına 2020-ci ilə qədər kifayət qədər su toplana bilmirdi. Səbəb isə anbarı qidalandıran Suqovuşan su anbarının düşmən işğalı altında olması idi. Artıq həm Suqovuşan öz azadlığına qovuşub, həm də Zümrüxan su anbarı kifayət qədər su ilə qidalana bilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il bir sıra tədbirlər görülüb. Belə ki, 218 ədəd hidrotexniki qurğu təmir olunub, torpaq məcralı kanallar beton üzlüyə alınıb, uzun müddət istifadə olunub yararsız vəziyyətə düşən beton kanalda əsaslı təmir işləri aparılıb. Bundan başqa 58 kilometr kollektor-dren şəbəkəsi lildən təmizlənib, 2 nasos stansiyasının dördaqreqatlı Şəhriyar və üçaqreqatlı Mirzəxan nasos stansiyalarının elektrik avadanlığı müasir standartlara cavab verən avadanlıqlarla əvəz olunub.
Bərdə Suvarma Sistemləri İdarəsi rayonun 63400 hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Əsas suvarma mənbələri isə Yuxarı Qarabağ Kanalı, Tərtər çayı, Kür çayı və subartezian quyularıdır. Əkin sahələrinin suvarma suyu ilə təminatı öz axımı və mexaniki üsulla həyata keçirilir. Öz axımı ilə 39510 hektar, mexaniki üsulla isə 23895 hektar sahə suvarma suyu ilə təmin olunur. Mexaniki üsulla suvarma 15 ədəd nasos stansiya və 866 ədəd subartezian quyusu vasitəsilə aparılır. Rayon ərazisində fermerlər tərəfindən istifadə olunan əkin sahələrinin suvarılmasının mütəşəkkil və daha itkisiz aparılması üçün idarənin balansında olan torpaq məcralı kanallar beton üzlüyə alınıb və bu işlər növbəti illərdə də davam edəcək.


Xəbərin mətnində orfoqrafik səhv var