CƏMİYYƏT
Suraxanı rayonunda 140 min nəfərə yaxın sakin tibbi müayinədən keçib
Bakı, 1 may, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkkilliklə davam edir. Həmin tədbir rayonun 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyasında həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, indiyə qədər rayon üzrə 139,2 min nəfər və 121 təşkilatın kollektivi tibbi müayinədən keçib. Onlardan 3,1 min nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 101 nəfər stasionar müalicəyə cəlb edilib, 236 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxt xəstəxanalarına göndərilib.
Tibbi müayinələrin aparılmasında fəallıq göstərən səhiyyə ocaqlarından biri də 24 nömrəli şəhər poliklinikasıdır. Poliklinikanın baş həkimi Hacağa Bağırovun verdiyi məlumata görə, səhiyyə müəssisəsi 25 min nəfərə xidmət edir, onlardan 6,1 mini uşaqlardan ibarətdir. Mayın 1-dək 17,5 min sakinin sağlamlıq vəziyyəti yoxlanılıb. Onlardan 64 nəfəri rentgen, 237 nəfəri ultrasəs aparatı, 495 nəfəri laboratoriya və 196 nəfəri exokardioqrama müayinəsindən keçib. Müayinədən keçənlərin 329 nəfərində müxtəlif xəstəliklər aşkar olunub və onlardan 14 nəfəri müayinə üçün digər xəstəxanalara göndərilib. Xəstəlik aşkar edilən sakinlərin müalicəsi üçün tədbirlər işlər görülür.
Bununla yanaşı, poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb və briqada məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşları evlərində tibbi yoxlamadan keçirirlər.