İQTİSADİYYAT
Suraxanı rayonunda 18,5 kilometrlik qəsəbədaxili küçə və yolda təmir işləri aparılır VİDEO
Bakı, 7 may, AZƏRTAC
Dövlət başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18,5 kilometr təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinə başlanılıb. İlk olaraq, qəsəbənin 1 kilometr uzunluğa malik Cəlal Qurbanov küçəsində bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bununla yanaşı, küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi asfaltlanır, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilir. Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.
Artıq qeyd edilən təmir işləri yekunlaşmaq üzrədir. Asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. İnvestisiya proqramına uyğun olaraq analoji təmir işləri rayonun Hövsan qəsəbəsində Oktay Şabanov küçəsində aparılır. Uzunluğu 2000, ortalama eni 6 metr olan küçənin artıq 1350 metr hissəsində təmir işləri yekunlaşıb.
Qısa zaman ərzində hər birində 1,5 kilometr olmaqla qəsəbənin Bahar və Bağlar yaşayış massivlərində, həmçinin Südçülük sovxozu adlanan ərazisində, bundan başqa, ümumi uzunluğu 7,7 kilometr olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də təmir-bərpa işlərinə başlanacaq. Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14.2 kilometr təşkil edir.
Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 kilometrədək qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.