CƏMİYYƏT


Suraxanı rayonunda Dövlət Bayrağı Günü münasibətilə veloyürüş təşkil olunub

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayon icra hakimiyyəti yanında Şuranın üzvləri, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və velosipedçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, gənclər və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, “9 noyabr-Dövlət Bayrağı Günü” münasibətilə məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin çəkdikləri rəsmlərə baxıblar.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov deyib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib.

İlqar Abbasov vurğulayıb ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını yüksək vətənpərvərliklə daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır.

Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıb, belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Sonra Heydər Əliyev parkında yerləşən Bayraq meydanından velosipedçilərin yürüşünə start verilib. Yüzdən çox velosipedçi dövlət bayrağı ilə rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna gəliblər. Oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək “Finiş” nöqtəsinə - Bayraq meydanına çatıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.