SİYASƏT
Suraxanı rayonunda “Heydər Əliyev və ölkənin milli təhlükəsizliyi” mövzusunda konfrans keçirilib
Bakı, 8 may, AZƏRTAC
Suraxanı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində “Heydər Əliyev və ölkənin milli təhlükəsizliyi” mövzusunda konfrans təşkil olunub. Konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşəbbüsü ilə keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin rayondakı Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan, 2 saylı uşaq evinin sakinlərinin çəkdikləri rəsmlərə, əl işlərinə, Ulu Öndərə həsr olunmuş kitab və Poçt markalarına baxışdan sonra Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş “Millət Atası” filmi nümayiş olunub.
Konfransda əvvəlcə ölkəmizin dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqı, milləti və Vətəni qarşısında xidmətləri ölçüyəgəlməzdir. O deyib: “Bu konfrans ulu öndər Heydər Əliyev dühasının, genişmiqyaslı və məqsədyönlü fəaliyyətinin bir sahəsi olan ölkənin milli təhlükəsizliyinə həsr olunub. Ümummilli lider Heydər Əliyev əmək fəaliyyətinə dövlət hakimiyyətinin mühüm strukturlarından biri olan təhlükəsizlik orqanında başlayıb.
Ötən əsrin 50-ci illərindən başlayaraq Ulu Öndərin səyi ilə təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artmağa başlamışdır. Ölkənin təhlükəsizlik orqanlarında formalaşmış yeni nəsil sonralar müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının kadr potensialının əsasını təşkil etdi. Azərbaycanın bir çox görkəmli ziyalılarını milli düşüncələrinə görə təqibdən məhz Heydər Əliyev qorudu”.
Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş ölkəmizdə ilk illərdə xaos, anarxiya mövcud oldu, vətəndaş müharibəsi təhlükəsi yarandı, dövlətçiliyimiz və müstəqilliyimiz üçün təhlükə yarandı. Bu ağır günlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, tükənməz Vətən sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etdi. Ümummilli Liderin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmini istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
Konfransda çıxış edən DTX-nin Baş İdarə rəisi Araz Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində geniş qeyd edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Dövlət quruculuğunda özünə sarsılmaz abidə ucaldan Ulu Öndər 25 il dövlət təhlükəsizlik orqanlarında xidmət edib.
Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov, “Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları” İctimai Birliyinin üzvü Mirzəağa Həsənov, milli təhlükəsizlik orqanlarının veteranı, “Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyinin vitse-prezidenti Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin ölkənin hərtərəfli inkişafındakı, milli təhlükəsizliyinin təmin olunmasındakı əvəzsiz rolundan ətraflı bəhs ediblər.
Sonra Suraxanı Rayonu Heydər Əliyev parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıq olub.