İQTİSADİYYAT
Suraxanı rayonunda Nizami İsmayılov küçəsi əsaslı şəkildə təmir olunub VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18,5 kilometr olan qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İnvestisiya Proqramı çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində 1 kilometr uzunluğa malik Nizami İsmayılov küçəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb.
Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Təmir zamanı küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 kilometrədək olan qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.
Növbəti ilin investisiya proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Suraxanı rayonu ərazisində təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.