CƏMİYYƏT
Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir
Bakı, 17 noyabr, AZƏRTAC
Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Ətraf mühitin yaxşılaşdırılması məqsədilə cari ilin ötən dövründə rayon ərazisində 5 minə yaxın ağac əkilib, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlif ölçülü 79 gölməçə qurudulub, neftlə çirklənmiş 20,0 hektar torpaq sahəsi təmizlənib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli və Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçələrinin kənarlarında keçirilib.
AZƏRTAC xəbər verir ki, növbəti ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, aparatın əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, təhsil, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları iştirak ediblər.
300 nəfərin qatıldığı iməcilikdə müvafiq təmizləmə və abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib, 600-dən artıq sərv və zeytun ağacı əkilib. Bu aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Davamlı olaraq keçirilən ağacəkmə tədbirləri nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.