CƏMİYYƏT
Suraxanı rayonunda baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər ölüb
Bakı, 29 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin cəsədi çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.