CƏMİYYƏT
Suraxanı rayonunda doqquzmərtəbəli binada yanğın olub, altı nəfər təxliyə edilib VİDEO




Bakı, 8 iyun, AZƏRTAC
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli binanın altıncı mərtəbəsinin pilləkən qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində pilləkən qəfəsində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.
Hadisə zamanı altı nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Bina və mənzillər yanğından mühafizə olunub.