CƏMİYYƏT
Suraxanı rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb
Bakı, 18 mart, AZƏRTAC
Martın 14-də Suraxanı rayonu ərazisindəki evlərin birindən 7500 manat, 10200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov rayon polis idarəsinin 31-ci polis bölməsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə martın 11-də Sütəmurdov kəndindəki yataqxanadan iki ədəd televizoru, paltaryuyan maşını, televizora aid digital cihazı, yataqxananın həyətindən isə iki ədəd avtomobil akkumulyatorunu oğurlamaqda şübhəli bilinən rayonun Gərmətük qəsəbəsi sakini O.Səfərzadə və Şilavar kənd sakini İ.Nəhmətzadə yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.