CƏMİYYƏT
Suraxanı rayonunda gənclər həqiqi hərbi xidmətə yola salınıblar VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2018-ci il iyulun 1-dən etibarən ölkəmizdə gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.
AZƏRTAC xəbər verir ki, iyulun 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində çağırış yaşlı gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli tədbir təşkil olunub.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xidmətin Suraxanı rayon idarəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Vüsal Həsənov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb. O, Ali Baş Komandan İlham Əliyevin gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq Sərəncamının icrası ilə bağlı rayonda görülən işlər barədə məlumat verib.
V.Həsənov bildirib ki, bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Son illər bütün sahələr üzrə sürətlə inkişaf edən ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində də böyük işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın müdafiə qüdrəti güclənib. Bu gün ordumuzda döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz gücünü 2016-cı ilin aprelində və bu ilin mayında düşmənə göstərdi.
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov, Aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayev gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıblar.
Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik peşəkar ordudur. Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Valideynlər də çağırışçılara xoş arzularını çatdırıb, onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.
Sonra rayon icra hakimiyyəti adından çağırışçılara qiymətli hədiyyələr təqdim edilib.
Çağırışçı gənclər Azərbaycan bayrağını öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçərək ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.