CƏMİYYƏT
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
Bakı, 15 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində mühüm işlər görülür. Paytaxtın Suraxanı rayonunda da ölkə başçısının tapşırıqlarına uyğun olaraq yaşıllaşdırma aksiyaları keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası rayonun Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində təşkil edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aksiyada rayon sakinləri, ziyalılar, elm, idman, incəsənət və mədəniyyət sahəsində çalışan tanınmış şəxslər, nazirliyin, rayon icra hakimiyyətinin nümayəndələri, icra başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyələri, rayonun idarə və müəssisələrinin kollektivləri iştirak ediblər. 250 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə və abadlıq işləri aparılıb, mövcud olan yaşıllığa qulluq edilib və 500-dən artıq sərv, çinar və Eldar şamı ağacları əkilib.
Kampaniyaların keçirilməsində əsas məqsəd yaşıllıq zolaqlarının genişləndirilməsi, rayonun ekoloji tarazlığını bərpası, insanlar arasında təbiətə qayğı hissinin təbliğidir.
Suraxanı rayonunda ağacəkmə aksiyalarının mövsümün sonuna qədər keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin ötən dövründə rayon ərazisində 6 minə yaxın ağac əkilib, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlifölçülü 79 gölməçə qurudulub, neftlə çirklənmiş 20 hektar torpaq sahəsi təmizlənib.