CƏMİYYƏT
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən beş nəfər tutulub VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Suraxanı rayonunun Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı qəsəbə ərazisində həmin ünvanda narkotik vasitələrin qəbulu və satışının təşkil edildiyi müəyyən olunub. Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərilərinə baxış zamanı ümumilikdə 10 qrama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.