CƏMİYYƏT
Suraxanı rayonunda su hövzələrində təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi Suraxanı Rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Suraxanı rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə məlumat verilib, aşkarlanmış nöqsanlar fotoslaydlar şəklində nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib. Bu məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.
Toplantıda çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri barədə iştirakçılara ətraflı məlumatlar veriblər.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış Qaydaları”na dair videoçarx nümayiş etdirilib.
Müşavirədə Rayon İcra Hakimiyyətinin və yerli icra nümayəndəliklərinin, mənzil-kommunal təsərrüfatı birliyinin, eyni zamanda, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri iştirak ediblər.